BİR ÇOX "İLK"LƏRƏ İMZA ATAN YERLİ LAYİHƏMİZ - AZƏRKOSMOS

30-07-2013

 

Bir müddət əvvəl (8 fevral, 2013-cu ildə) Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması hadisəsi baş tutdu. Bu Azərbaycan tarixinə düşəcək əlamətdar hadisələrdən biridir. Bu hadisə ilə yanaşı Azərbaycan tarixi və Azərbaycan Memarlıq tarixinə düşəcək başqa bir əlamətdar hadisə isə peykin idərə olunması mərkəzinin tikilməsi və istifadəyə verilməsidir.

 

 

Müəllifi Azərbaycan Respublikasının Əməkdar Memarı olan Nəriman İmaməliyev, Azərkosmos layihəsinə 2011-ci ildə start verilmiş və mürəkkəb konstruktiv həllinə baxmayaraq qısa vaxt ərzində tikintisi başa çatdırılmışdır. Layihə bir çox cəhətlərinə görə ölkəmizin Memarlıq tarixinə düşəcək nadir layihələrdəndir.

 



Belə ki, bu layihə Azərbaycanda ilk dəfə Dekonstruktivizm üslubunda həll olunmuş binadır ki, buna qədər ölkəmizdə bu səviyyədə dekostruktiv 2-ci belə layihə yoxdur. Layihənin ideyası Azərbaycanın qədim tarixi torpağından çıxmış, dörd yerə parçalanmış qayanın və onunla toqquşmuş göy abstrakt cismin vəhdətidir. Memar obrazı daha canlı və dinamik etmək üçün material, forma və rəng seçimlərinə xüsusi titizliklə yanaşmışdır. Belə ki, binanın əsas üzlük materialı olan mərmərin 2 fərqli növündən istifadə olunmuş, mərmər üzlükdə üfiqi xəttlərlə daha canlı səth yaradılmış və rəng seçiminə görə ətraf mühitin landşaft quruluşuna tam şəkildə uyğunlşdırılmışdır.

 

 

Layihənin kompozisiya həlli XX əsrin əvvəlində mövcud olan futurizmsuprematizm üslublarına yaxındır. Hər iki üslubda əsas xətt “kosmos və onun ram edilməsi”dir ki, bu da təyinatına görə Azərnaycanda ilk dəfə istifadə olunan Memarlıq üslublarıdır. Binanın interyeri də həmçinin bu üslubda layihələndirilmişdir.

 

 

“Azərkosmos” ASC-nin əsas peyk idarəetmə mərkəzi kompleksinin tikintisi üçün ayrılmış sahə isə Abşeron rayonu, Bakı-Şamaxı avtomagistralının 37-ci km-də Babacan qış otlaq sahəsində yerləşir ki, bu da həmin ərazinin şəhər infrastrukturundan uzaq yerdə olduğunu göstərir. Əlbəttə, bunun öz çətinlikləri olsa da Memar qarşıya qoyulmuş öhtəliyi tam yerinə yetirməyə nail olmuşdur. Ərazi 10 ha sahəni əhatə edir. Bu sahədə layihələnmiş kompleks 4 tikilidən ibarətdir: əsas bina, texniki bina, keçid məntəqəsi və üstüörtülü avtomobil dayanacağı.

 

 

Memrın xəttlərinə əsasən konstruktorlar ilk dəfə bu layihədə maili divarı əsas daşıyıcı divar funksiyasında həll etmişlər. Bununla da layihənin kompozisiya həlli daha azad və ehtiraslı görüntüsü ilə diqqəti cəlb edir. Bundan əlavə binanın interyer həlli də öz funksiyası və məkanları ilə digər ofis binalarından fərqlənir. Belə ki, biri zirzəmi olmaqla 3 mərtəbədən ibarət olan binanın 1-ci mərtəbəsində yerləşən əsas peyk idarəetmə zalı iki mərtəbə hündürlüyündə olan, ikinci işıqla təmin olunmuş atriumdur. Bu isə işçilərə daha geniş və rahat məkan yaratmaq məqsədini tam yerinə yetirir. Bundan əlavə geniş yeməkxana, istirahət guşələri və s. də işçilərin fərqli iş mühitində, daha müasir və pozitiv iş şərayit ilə təmin olunması məqsədi ilə layihələndirilmişdir.

 

 

Əsas binada peyk idarəetmə mərkəzi, ona aid olan ofis və texniki sahələr, müdiriyyət, konfrans salonu və yeməkxana yerləşir. Ərazidə layihələndirilmiş texniki bina kosmik antenaların texniki avadanlıqları üçün, həmçinin kompleksi elektrik enerjisi, istilik və su ilə təmin etmək üçün nəzərdə tutulub. Kompleksin girişində keçid məntəqəsi tikilib. Məntəqə avtomobillərin və piyada işçilərin keçməsinə nəzarət etmək məqsədi ilə layihələndirilmişdir. Kompleksin ərazisində 40 yerli avtomobil dayanacağı da yerləşir. Dayanacağın üstü metal konstruksiyalı talvar ilə örtülmüşdür. Talvarın konstruksiyası metal borulardan və ikitavrlardan ibarətdir.

 

 

Layihənin yerləşdiyi ərazi iqlim və relyef baxımından mürəkkəb xarakterlidir. Burada yay ayları qızmar, qış isə sərt keçir. Bu məqsədlə Memar layihəni kəsilmiş relyefə elə yerləşdirmişdir ki, bu da şimal küləklərindən qorunmanı, istilik enerjisinə qənaəti və ətraf mühitə uyğunlaşmanı təmin edir.

 

 

Layihədə üzlük materialları kimi mərmər, rənglənmiş şüşə, paslanmaz metal, xromlanmış metal və alüminium istifadə edilmişdir. Fasadın üzlük materialı qeyd etdiyim kimi, 2 rəngli mərmər ilə “ventilyasiya olunan fasad” sistemi şəklində örtülmüşdür. Bundan başqa fasad materialı kimi qara boya ilə rənglənmiş laminəli şüşələrdən istifadə olunmuşdur. Şüşələndirmə materialı kimi “Schuco” alüminium izocam silikon fasad sistemi və “Guardian” firmasının laminələnmiş şüşələri istifadə olunmuşdur.

 

 

İnteryer işlərində falş döşəmələr, asma tavan, şüşə arakəsmələr istifadə edilmişdir. Binada “Otis” firmasının lifti qoyulmuşdur. Texniki şərtləri nəzərə alaraq tavanlar arasında məsafə 405sm-dir. Bina ümumi havalandırma və kondisionerləşdirmə sisteminə malikdir.

 

 

Otaqlar və zallar arasında arakəsmələrin əsasən şüşə arakəsmələrdən ibarət olması, interyerdə daha azad və müasir iş şəraitinin təşkilinə kömək olur. Azərkosmos layihəsində də Memar tərəfindən layihələndirilmiş interyer bu tip tələblərə tam cavab verir. Memarın interyer üçün öz qarşısına qoyduğu əsas tələbin “insan yaşamında mükəmməl iş şəraitinin əldə olunması” idisə, artıq bir neçə müddətdir ki, Azərkosmosda çalışan işçilərin bunu təstiqlədiyini görürük.

 

 

İnteryerdə istifadə olunmuş rənglər, materiallar və fakturalar ümumi ideyanın gerçəkləşməsində böyük rol oynayır. Titizliklə seçilmiş işıqlanma, müasir mebellər və s. interyerdə xüsusi baxış bucaqları yaradır. Bundan əlavə məkanların düzgün ölçülərə sahib olması və doğru yerləşdirilmələri, daxili məkanın daha axışqan və maraqlı olmasına xidmət edir.

 

 

Bundan başqa binada Azərbaycanda ilk dəfə istifadə olunan paslı dəmirdən dekorativ element kimi istifadə olunmuşdur. Belə ki, bir çox dünya ölkələrinin hələ 1960-ci illərdən istifadə etməyə başladığı paslı dəmir materialı son zamanlar daha da dəbə minmiş və müasir layihələrin kontras həllində önəmli mövqe tutmağa başlamışdır. Memar İmaməliyev də bu materialdan ilk dəfə Azərkosmos layihəsində hovuzun dekorativ elementi kimi istifadə etmişdir. Fotolardan da göründüyü kimi, baş fasadda kontras effekti yaratmaq üçün paslı dəmir material çox uğurla seçilmişdir.

 

 

Layihənin bədii süjetinə əsasən qaya parçasına toqquşan naməlum göy cismi isə binada, arxa tərəfdən işıqlandırlmış, rənglənmiş şüşə üzlüklü xüsusi həcmdir. Gün boyu işıqlandırılmış fasadın bu hissəsi olduqca cazibədar və fərqli Memari həlli ilə diqqətçəkəndir. Bu tip Memari yanaşmanı tək ölkəmiz üçün yox, hətta dünya memarlığı üçün də ilk addım hesab etmək olar.

 

 

Az-az layihələr vardır ki, onlar həm gündüz görünüşdən, həm də gecə görünüşündən eyni dərəcədə uğurlu alınsın. Azərkosmos idearəetmə mərkəzi bu tip nadir binalardandır, burada həm gündüz, həm də gecə görüntüsü biri-birindən özünəməxsus gözəlliyi ilə fərqlənir.

 

 

Düzənlik tipli ərazidə geniş yaşıllaşdırma işləri də daxil olmaqla sıfırdan belə bir mərkəz yaratmaq, Memarın qarşısında qoyulmuş olduqca çətin öhtəlik olsa da, Memar Nəriman İmaməliyev bu işin öhtəsindən uğurla gələ bilmişdir. Şadam ki, bu cür “ilk”lərə sahib olan layihədə kiçik də olsa əməyim keçib və tikinti prosesinin canlı şahidi ola bilmişəm. Ümid edirəm ölkəmizdə bu tip dünya səviyyəli layihələr, Azərkosmosda olduğu kimi, öz Memarlarımız tərəfindən hazırlanar və yerli inşaatçılarımız tərəfindən yüksək keyfiyyətlə tikintisi baş tutar.

 

 

Bu hadisə Azərbaycanın həm iqtisadi, həm dünyavi həm də Memari cəhətdən böyük uğurudur.

 

 

Müəllif: Urfan Məmmədov