Abşeron Memarlığı müasir həyat tərzi ilə

11-11-2014

Bina elə bir obyektdir ki, ancaq və ancaq öz yerləşdiyi yerinə görə layihələndirilməlidir. Bu təbiətdən gələn qanundur ki, onu dəyişmək mümkün olsa da düzgün deyil. Memarlıq isə gözəl olmaqdan çox, düzgün olmalıdır. Hər cəhətdən düzgün.

 

 

Ümumiyyətlə bir binanı tikməzdən öncə Memar binanın tikiləcəyi məkanda olmalı və oranın təbiətini analiz etməlidir. Yapon Memarları qədim zamanda kəndin salınmasından öncə həmin ərazidə 1 il yaşayırdılar və oranın bütün iqlim şərtlərini öyrənirdilər.

 

 

Əgər hər hansısa məkanın iqlim şəraitini bilmirsinizsə ilk əvvəl orada yaşayan bitki və heyvanları öyrənin. Məsələn səhralıq yerdə yaşayan sürüngənlərə diqqət etsək, onların dəriləri daha qalın və qurudur. Eyni ailəyə mənsub başqa heyvan isə tropic meşədə nazik və nəmli dəriyə sahibdir.

Və yaxud düzənlik yerdə bitən bitkilərlə dağda, meşəlikdə bitən bitkilərə nəzər salaq. Quru və günəşli iqlimdə bitən bitkilər günə daha davamlıdır və özünəməxsus şəkildə susuzluğa uyğun yaşam mexanizmləri var.

 

 

Bütün bunlardan sonra nəzərə alsaq ki, insan da təbitəin təsirlərinə məruz qalır, deməli bina bizi qoruyan zirehli geyim rolunu oynamalıdır. Azərbaycan da öz növbəsində olduqca maraqlı iqlimə sahib ölkədir. Qızmar günəşi, yağışı-qarı, quraqlıq mövsümü, rütubəti, küləyi və s. ilə. Bu haqda geniş danışmağa ehtiyac duymuram, amma 4 iqlimli ölkədə Memarlıq layihələndirməyin qayda və qanunlarından bəhs etməyi özümə borc bilirəm.

 

Bəhs edəcəklərimi Azərbaycanın müasir Memamarlığı nümunəsində danışmaq istərdim – fotolardan da gördüyünüz, hal-hazırda fəaliyyət göstərdiyim Memar Nəriman İmaməliyevin studiyasının son layihəsi olan və Abşeron Memarlığına tam uyğunlaşdırılmış Villa Tim haqda.

 

 

Villa Abşeronun Bilgəh qəsəbəsində yerləşir. Bina bir ailənin yaşaması üçündür. 800 kv. metrlik ərazidə əsas binadan əlavə verenda, hovuz, professional mətbəx, texniki zonalar, fitnes, iki yerlik qapalı və açıq qaraj, 30 nəfərlik şənlik zalı da yer alır.

 

 

Layihə funksionalizm üslubuna istinadən heç bir kvadrat metrin itirilməməsi istiqamətində həll edilmişdir. Xarici görünüş baxımından isə klassik xalq Memarlığından yola çıxaraq və müasir Memarlıq elementlərindən istifadə edilərək həm iqlimə, həm də müasir estetikaya uyğunlaşdırılmışdır.

“Venera Layihəsi” adlı beynəlxalq Memarlıq və texnalogiya birliyi vardır ki, bu axımın yaradıcısıJacque Fresco deyir: “İnsan təbiəti yoxdur, yalnız dövrə görə insan davranışları vardır”. Bu sözə diqqət etsək, müasir Memarlıq təbiətin dəyişməz qanunlarına sadiq və dəyişkən insan davranışlarına uyğun layihələndirilməlidir. Sözügedən layihə də məhz bu prinsiplə layihələndirilərək qədim Azərbaycan Memarlıq tələblərinə cavab verir, müasir insan yaşamı üçün ideal komforta malikdir.

 


İnsan hər dövrə uyğunlaşsa da azərbaycanlı ailəsi üçün dəyişilməz olan bəzi xüsusiyyətlər var. Düzü bu tək Azərbaycan üçün yox, ümumi şərq mədəniyyətinə xas yaşam tərzidir. Söhbət qapalılıqdan gedir. Əlbəttə istənilən insan öz evində komfort axtarışındadır. Bir halda ki, komfortu təmin edən qapalılıqdır, Memar bu xüsusiyyətə hörmətlə yanaşmalı və ikinci tərəfdən buna çərçivə kimi yanaşsa belə, mümkünat daxilində həmin çərçivələri yumşaltmalıdır.
 

 

Məsələn, fotolara diqqət etsəniz, fasadın böyük pəncərələri daxili həyətə tuşlanaraq layihələndirilib. Arxa tərəfə baxan böyük pəncərələr isə kənardan baxışı əngəlləyən elementlərə malikdir.

 

 

Bundan başqa diqqətinizi çəkmək istədiyim önəmli məqamlardan biri olan hasarlarımız haqdadır. Bildiyimiz kimi Abşeron fərdi Memarlığı bütünlüklə hasarlara malikdir. Memar bu layihədə hasarlar prinsipini saxlayaraq, onu özünəməxsus layihələndirmişdir. Belə ki, hasarlar burada baxışın qarışını qismən alsa da, ümumi kompozisiyaya uyğun dizayn edilib və ürəksıxan qapalılıqdan uzaqdır, müəyyən qədər açıqlığa malikdir.

 

 

Binada əsas fasad materiallarını – qranit, tuf, şüşə, tik ağacı və metal təşkil edir. Fasadın əsas material kimi ağ boya ilə rənglənmiş həcmlər və təbii daş üzlük həm rəng, həm forma, həm də faktura baxımından contrast təşkil edir və vizual balans yaradır.

 

 

Reliefdə düzgün yerləşdirilmiş binanın verenda hissəsi yay aylarında açıq havada istirahət üçün ideal məkandır. Belə ki, xəzri küləyi həmin boşluqdan keçərək sərinlik yaradır. Bundan başqa üstübağlı məkan yay ayları üçün daim kölgəlidir və yağıntılardan mühafizə olunur. Bu səbəbdən istirahət guşəsi hər fəsildə istifadə üçün yararlı hala gəlir. İstirahət guşəsi evin daxili və həyətin professional mətbəxlərinin mərkəzində yer alır. Bu isə funksiya baxımından rahatlıq və istifadədə geniş imkanlar deməkdir. Buradan hovuza baxış vardır ki, həmin hovuz da xəzri küləklərindən qorunur.

 

 

Binanın daxilində yer alan 2yerlik qapalı qarajın giriş hissəsi tamamilə çöldəndir və daxildən evə birbaşa keçid var. Həmin keçid məxbəxə və evin əsas girişinə yaxındır ki, bu da evə gələn insanı birbaşa evin mərkəzinə gətirir.

 

 

Binanın fasad işıqlanma həlli və işılqların seçimi evin kompozisiyası ilə vəhdət təşkil edir. Belə ki, işıqların yer aldığı həcmlər və onların formaları binanın əsas kompozisiyasını qabarıq şəkildə biruzə verir.

 

 

Landşaftın həllində Memar xüsusi olaraq Abşeron iqliminə uyğun gələn ağaclara üstünlük verərək, istifadəçiləri psixoloji olaraq öz torpağının məhsuluna bağlılığı və dəyərləri qoruyur. Burada iqlimə uyğun gələn sərv, zeytun, leylanda və s. ağaclar əkilib. Abşeron küləkləri nəzərə alınaraq torpaq ot örtüyü ilə həll edilib. Əks halda külək və qum ümumi yaşam komfortunu korlamaq potensiyalına malikdir.

 

 

Binanın əsas damarlarını onun texniki sistemləri təşkil edir. Bu layihədə avtonom su və elektrik sistemləri, transformator, generator, yeraltı içməli su və suvarma çənləri, mərkəzi havalandırma sistemi və s. nəzərə alınmış və layihələndirilmişdir.
 

 

Beləliklə təbiətimizə və insanımıza uyğun, dövrün standartları ilə ayaqlaşan layihəni çağdaş Azərbaycan və əsl Abşeron Memarlığı adlandırmaq olar.

 

QEYD: layihənin müəllifi Nəriman İmaməliyev, ləyihə komandası isə Elçin Ağadiyev, Samirə İmaməliyeva, Urfan Məmmədov, Süsən Əliyeva, Nigar Əliyeva, Əskərli Könül və Rafael Quliyevdən ibarətdir.

 

 

Müəllif: Urfan Məmmədov